Sentyabrın 13-də saat 10 radələrində Lənkəran rayonunun Balıqçılar qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Abıyevanın odlu silahla qətlə yetirilmiş meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğunun hafta.az-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla zərərçəkmişin əri, 1984-cü il təvəllüdlü Mais Abıyevin qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq Günay Abıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Mais Abıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.